Aprelin 28-də Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını, şahmatçılarımızın bütün yaş kateqoriyalarında uğurlar əldə etdiyini deyib.
Azərbaycanda şahmatın dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını deyən M.Məmmədov şahmat turunun ənənəvi olacağını söyləyib: "Biz Azərbaycanda davamlı olaraq open turnirlər silsiləsini elan etmişik. Həmin silsilənin adı "Chess Tour Azerbaijan"dır. "Baku Open" hər il keçiriləcək "Chess Tour Azerbaijan"ın ilk yarışı olacaq”.
Bu il şahmat üzrə 8 beynəlxalq yarışın keçiriləcəyini qeyd edən gənclər və idman naziri Fərid Qayıbov idmanın bu növündə əldə olunan nəticələri yüksək qiymətləndirib: "Bu, bizi sevindirir, çünki biz şahmat idmanında çox fəal fəaliyyət göstəririk. İldən-ilə şahmatçıların uğurlu nəticələrinin şahidi oluruq, ustaların sayı da artır".
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç beynəlxalq festivalın keçirilməsinin Azərbaycanda şahmatın inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayıb: "Tədbirdə Türkiyə Şahmat Federasiyasının nümayəndəsi də iştirak edir. Azərbaycan və Türkiyə arasında qardaş münasibəti olduğu üçün onlar bir-birilərinə şahmatın inkişafında da dəstək göstərirlər. Bu, həm onların ölkələrində, həm də beynəlxalq müstəvidə şahmatın inkişafına töhfə verəcək", - deyə A.Dvorkoviç bildirib.
Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarışın əsasnaməsi və qaydaları haqqında məlumat verib.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir. Aprelin 27-də start götürən festival mayın 7-dək davam edəcək.
